Bağla

Füzulidə şəhid və qazi övladları ilə görüş keçirilib

30-12-2021, 18:26

Füzuli Rayon İcra Hakimiyyətinin, Etika Akademiyasının, Füzuli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə şəhid və qazi övladları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bildirib ki, sağlamlığını itirmiş qazilərimizin, vətən torpağı uğrunda canını qurban vermiş şəhidlərinimizin bizə əmanət övladlarına diqqət və qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur. 

Qeyd edib ki, Azərbaycan həmin qəhrəmanlar sayəsində həmişə var olub və yaşayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qorxmazlığı və qazilərimizin cəsurluğu sayəsində biz qalib ölkənin məğrur vətəndaşlarıyıq. 

Tədbirdə şəhid və qazi ailələri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edilib, onlara uğurlar arzulanıb.

Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülbahar Eyvazova isə vurğulayıb ki, şəhid övladları hər zaman başlarlnı dik tutmalı, eləcə də belə qəhrəmanların övladları olduğu üçün fəxr etməlidir. Bildirib ki, vətənimizin bütövlüyü uğrunda döyüşüb canlarını fəda edən şəhid və qazi övladlarına diqqət və qayğı hər kəsin mənəvi borcudur. 

Füzuli Rayon Təhsil Şöbəsinin nümayəndəsi Ramella Məmmədova da uşaqları bayram münasibətilə təbrik edib və onlara hər zaman diqqət ayırdıqlarıni qeyd edib. 

Etika Akademiyasının Qarabağ bölgəsi üzrə nümayəndəsi Tamella Məmmədova isə bildirib ki, şəhidlər ölməzdir, onlar həyatları hər kəsə nümunə olacaq igidlərdir. Sizdə bu qəhrəmanların övladlarısınız. O, qəhrəman övladlarını bayram münasibətilə təbrik edib, hər birinə xoş arzular diləyib.

Tədbir Füzuli Dövlət Dram Teatrının şəhid övladları üçün hazırladığı "Qış möcüzəsi" şou-proqramla davam etdirilib və onlara hədiyyələr verilib.

Qeyd edək ki, tədbir şəhid və qazi övladlarının sevincinə səbəb olub. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Füzuli Rayon İcra Hakimiyyətinə və Füzuli Dövlət Dram Teatrının kollektivinə öz minnətdarlıqlarını bildiriblər.