Bu gün Füzuli Dövlət Dram Teatrında Xocalı soyqırımı qurbanlarının xatirəsinin 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbir iştirakçıları ilk olaraq Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə teatrın səhnəsində anım tədbiri davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı şəhidlərinin və Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Xocalı faciəsi haqqında ətraflı məlumat verilib, 1992-ci ilin fevralında baş verən insanlığa sığmayan hadisələrin mahiyyəti, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər diqqətə çatdırılıb.
Ülkər Bayramlı — Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri çıxış edərək Xocalı müsibətlərindən, xalqımızın keçdiyi ağır sınaqlardan danışıb. O, bu gün qazanılmış möhtəşəm Qələbənin şəhidlərimizin qanı bahasına əldə olunduğunu vurğulayıb, artıq azad olunmuş torpaqlarda, o cümlədən Xocalıda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən bəhs edib. Bildirilib ki, Xocalı bu gün yenidən dirçəlir və bu dirçəliş şəhidlərimizin ruhuna ən böyük təsəllidir.
Daha sonra teatrın səlahiyyətlərini müvəqqəti icra edən Azər Abbasov çıxış edərək Xocalı şəhidlərinin xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib. O, xalqımızın tarixi ədaləti bərpa etdiyini, şəhidlərimizin ruhunun bu gün şad olduğunu və gələcək nəsillərin Xocalı həqiqətlərini heç vaxt unutmayacağını xüsusi vurğulayıb.
Sonda Akif Həsənoğlunun “Yaddaş” tamaşası nümayiş olunub. Səhnədə canlandırılan hadisələr zalda dərin emosional təsir yaradıb, izləyicilər tərəfindən böyük həssaslıqla qarşılanıb.
Keçirilən anım tədbiri bir daha sübut edib ki, Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, şəhidlərimizin xatirəsi daim uca tutulacaq.