Bağla

Zobucuq qəsəbəsində İ.Əfəndiyevin 100 illik yubileyi keçirilmişdir

13-07-2014, 15:21

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı, "Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi Füzuli rayonunda müxtəlif tədbirlərlə qeyd edilir.

Füzuli Rayon Zobucuq qəsəbəsi mədəniyyət evində baş tutan tədbirdə 1914-cü il mayın 28-də Füzulidə dünyaya göz açan İlyas Əfəndiyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmiş, ədəbiyyatımıza verdiyi töhfələrdən danışılmışdır. Diqqətə çatdırılmışdır ki, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərmişdir. Respublikamızda teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri vardır.

Ədəbi-bədii gecədə Füzuli Dövlət Dram Teatrının aktyorları tərəfindən İlyas Əfəndiyevin "Unuda bilmirəm”, "Mahnı dağlarda qaldı”, "Bizim qəribə taleyimiz” və "Bahar suları” pyeslərindən səhnələr göstərilmişdir.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişdir.

Qeyd: İlyas Əfəndiyevin "Unuda bilmirəm” əsəri teatrın 2014-cü ilin repertuar planına salınmış, Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən dövlət sifarişi yolu ilə tamaşa hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.