Bağla

Mədəniyyət Nazirliyinin 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirildi

02-02-2021, 17:20

Fevralın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Mədəniyyət naziri Anar Kərimov iclası açaraq kollegiya üzvlərini salamlayıb, ötən ilin mədəniyyət mənzərəsinə nəzər salıb. İl ərzində Mədəniyyət Nazirliyi tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən layihələrin pandemiya şəraitində insanlarının asudə vaxtının səmərəli təşkilinə töhfə olmaqla yanaşı, yaradıcı insanlar üçün əlavə stimul olduğunu vurğulayıb.      

2020-ci il eyni zamanda Azərbaycanın tarixinə şanlı Qələbə ilə yazıldığını bildirən nazir Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Mədəniyyət Nazirliyinin də səylərini əsirgəmədiyini, müharibənin gedişində və ondan sonrakı mərhələdə müxtəlif beynəlxalq təşkilatlara və onlarla ölkəyə edilən müraciətlərin, yayılan bəyanatların, reallaşdırılan layihələrin Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı həyata keçirdiyi vandalizm siyasətinin daha böyük miqyasda nümayişinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Anar Kərimov “Mədəniyyət Nazirliyinin institusional islahatlarının icrasına dəstək Proqramı”nın hazırlandığını, proqramın strateji istiqamətlərinin mədəniyyət və irsin tədqiqi, qorunması və inkişafı, insan və cəmiyyətin inkişafı, həmçinin mədəniyyətimizin beynəlxalq aləmdə qorunması və təbliğini əhatə etdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, islahatların əsas məqsədi nazirlik sistemində hüquqi bazanın təkmilləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir infrastrukturun qurulması, insan kapitalının inkişafı, məzmunun zənginləşdirilməsi, dayanıqlı maliyyələşmə və modellərin qurulmasından ibarətdir. 

*    *    *

İclasda 2021-ci ilin birinci yarımili üçün nazirliyin tədbirlər planı müzakirə edilib. Konkret hədəflər müəyyən edilərək hazırlanan planda nazirlik sistemində həyata keçiriləcək islahatlar, mədəniyyət və yaradıcılığın inkişafı, məzmununun zənginləşdirilməsi, yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası, “Nizami Gəncəvi İli” ilə əlaqədar tədbir və layihələr, Azərbaycan mədəniyyətinin ölkəmizdə və dünyada təbliği, beynəlxalq əməkdaşlığın inkişafı məsələrinə diqqət yetiriləcəyi bildirilib.

Ölkə başçısı tərəfindən Şuşa şəhərinin “Azərbaycan mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirlərin təşkili,  Vaqif Poeziya Günləri və “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalının keçirilməsi, həmçinin işğaldan azad olunan ərazilərdə mədəniyyətin mövcud vəziyyəti və Ermənistan tərəfindən törədilən vəhşiliklər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Eyni zamanda ölkə başçısının fərmanı ilə yaradılan Dövlət Nəzarəti İnformasiya Sisteminin əhəmiyyəti vurğulanıb, nazirlik üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar proseslərin bu sistemin meyarlarına uyğun qurulmasının vacibliyi diqqətə çatdırılıb. 

İclasda Kollegiyanın üzvləri və nazirliyin digər struktur bölmə rəhbərləri çıxış edərək tədbirlər planı ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Mədəniyyət Nazirliyinin 2021-ci ilin birinci yarımili üçün tədbirlər planı təsdiq edilib.

Kollegiya iclasına yekun vuran Anar Kərimov qarşıya qoyulmuş vəzifələrin reallaşmasında bütün kollektivə uğurlar arzulayıb.