Bağla

Teatr-konsert müəssisələrinin media ilə işi müzakirə olundu

06-10-2015, 20:42

Oktyabrın 6-da Milli Kitabxanada respublikanın teatr-konsert müəssisələrinin mətbuat xidməti və ədəbi dram hissə müdirləri, ictimaiyyətlə əlaqələrlə məşğul olan əməkdaşları ilə görüş keçirildi. 

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, şöbənin sektor müdirləri və əməkdaşları iştirak edirdi.

Şöbə müdiri Vüqar Şixəmmədov bu görüşün nazirliyin rəhbərliyinin tapşırığına əsasən keçrildiyini diqqətə çatdıraraq, nazirliyin strukturunda yeni yaradılan və ictimaiyyətlə əlaqələr siyasətinə xidmət edən şöbə və onun əməkdaşları, iş strukturu, eləcə də nazirliyin mətbu orqanları, internet saytı barədə məlumat verdi. Teatr-konsert müəssisələrinin bu mətbu orqanlarla sıx əməkdaşlığının, yaradıcı fəaliyyətin KİV-də operativ işıqlandırılmasının zəruriliyini vurğuladı. 

Bildirildi ki, yaxın vaxtlarda nazirliyin saytının yeni versiyası təqdim olunacaq və bundan sonra da saytda nazirliyin strukturunda olan müəssisələrin təbliği işinin daha da operativ və geniş formada həyata keçiriləcək.

Qeyd olundu ki, teatr-konsert müəssisələri piar məsələsini bir sıra hallarda diqqətdən kənarda saxlayırlar. Halbuki yaradıcı fəaliyyətin mediada işıqlandırılmasında müasir vasitələrdən istifadə mühüm əhəmiyyət kəsb edir.

Elektron informasiya resurslarında təbliğat məsələsini xüsusi qeyd edən şöbə müdiri teatr-konsert müəssisələrinin mətbuatla, ictimaiyyətlə əlaqələrə məsul şəxslərini bu istiqamətə diqqət yeritməyə, sosial şəbəkələrdə təbliğat, informasiya paylaşmaq və müzakirələrdə daha aktiv olmağa çağırdı.

Şöbə müdiri teatrların reklamı məsələsinə də toxundu. Bildirdi ki, KİV ilə teatrların əlaqəsi, qarşılıqlı razılaşması zəminində müəyyən reklam məhsullarının daha geniş auditoriyaya çatdırılması imkanları hər zaman dəyərləndirilməlidir.

Şöbənin informasiya, elektron media və resurslarla iş şöbəsinin müdiri Zöhrə Əliyeva, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov çıxış edərək mətbuat və televiziya ilə əlaqələrin xüsusiyyətlərindən, operativ məlumatların sistemli olaraq KİV-də işıqlandırılmasından söz açdılar.

Görüşdə teatr-konsert müəssisələrinin mətbuatla əlaqəli şəxslərinin də fikirləri dinlənildi, rəy və təklifləri müzakirə olundu, irəli sürülən ideyalar ətrafında fikir mübadiləsi aparıldı.