Bağla

Füzuli teatrı XXXVII teatr mövsümünü Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış tamaşa ilə açıb

21-09-2026, 18:09

Füzuli Dövlət Dram Teatrı XXXVII teatr mövsümünün açılışını Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış tamaşa ilə qeyd edib.

Mövsümün açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin Böyük məsləhətçisi Xalisə Məmmədova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin sədri Anar Ağayev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon üzrə nümayəndəsi Elşad Cəfərov, YAP Füzuli rayon təşkilatının məsləhətçisi Namiq Məmmədov, Sərhəd Qoşunlarının zabit və əsgərləri, rayon ziyalıları, mədəniyyət işçiləri,  eləcə də çoxsaylı teatrsevərlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunması uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Füzuli Dövlət Dram Teatrının direktor səlahiyyətlərini müvəqqəti icra edən Azər Abbasov çıxış edərək XXXVII teatr mövsümünün açılışı münasibətilə tədbir iştirakçılarını salamlayıb və teatrsevərlərə təşəkkürünü bildirib. O, çıxışında Füzuli Dövlət Dram Teatrının yaradıcılıq ənənələrindən, ötən mövsümdə həyata keçirilən layihələrdən və əldə olunan uğurlardan söz açıb. Bildirib ki, yeni teatr mövsümündə də kollektiv qarşısında mühüm yaradıcılıq vəzifələri dayanır, tamaşaçıların estetik zövqünü formalaşdıran, düşündürən və aktual mövzulara toxunan səhnə əsərlərinin hazırlanması əsas prioritetlərdən olacaq.

Azər Abbasov yeni mövsümdə teatrın repertuarının zənginləşdirilməsi, müxtəlif janrlarda yeni tamaşaların hazırlanması, yaradıcılıq potensialının daha geniş şəkildə nümayiş etdirilməsi və tamaşaçı auditoriyasının genişləndirilməsi istiqamətində bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra teatrın yaradıcı şöbəsinin müdiri Nicat Mirzəzadə çıxış edərək XXXVII mövsümdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq işləri, yeni tamaşalar və qarşıda duran planlar barədə məlumat verib. O, kollektivin yeni mövsümdə də yüksək peşəkarlıq və yaradıcılıq əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıb.

Çıxışlardan sonra Füzuli Dövlət Dram Teatrının XXXVII teatr mövsümünün ilk tamaşası – Vilyam Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

İnsan xarakterinin mürəkkəbliyini, hakimiyyət ehtirasını, mənəvi seçimləri, vicdan və məsuliyyət anlayışlarını özündə əks etdirən “Maqbet” tamaşası səhnə həlli və aktyor ifası baxımından tamaşaçılara fərqli teatr təəssüratı yaşadıb.

Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.

Tamaşada əsas  rolları Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Əli Hüseynov, Vüsal Həsənov, Xurşud Babayeva, Gülnar Quliyeva, Şəbnəm Baxışova, Sahilə Abbasova, Şəlalə Nəsirova və Günay Çobanzadə ifa ediblər.

Aktyorların səhnə ifası, tamaşanın quruluşu, dekorasiya və musiqi həlli tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tamaşa boyunca səhnə hadisələrinin dinamik inkişafı, obrazların xarakterlərinin açılması və aktyorların emosional ifası diqqət çəkib.

Tamaşanın nümayişindən sonra tədbir iştirakçıları və qonaqlar çıxış edərək Füzuli Dövlət Dram Teatrının kollektivini XXXVII teatr mövsümünün açılışı münasibətilə təbrik edib, yeni yaradıcılıq mövsümündə uğurlar arzulayıblar. Çıxışlarda teatrın Füzuli rayonunun və ümumilikdə Qarabağın mədəni həyatında mühüm rol oynadığı, milli teatr ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Sonda tədbir iştirakçıları və teatr kollektivi ilə xatirə fotosu çəkdirilib.