Bağla

Füzuli teatrında beşgünlük dərs

22-04-2022, 08:40

Bölgə teatrlarının truppaları ilə bağlı müzakirələrdə ümdə məqamlardan biri kimi aktyorların peşə vərdişləri, xüsusən plastika və jest dili ilə bağlı ifadə məsələləri də ön plana çəkilir. Peşəkar aktyorluq dərsləri alanlar bu kimi bilgiləri tədris prosesində əldə edə bilirlər. Amma bölgə teatrlarının aktyor heyətinin həm də həvəskarlardan seçildiyini nəzərə alsaq, bu yöndə ustad dərslərinə xüsusilə ehtiyac olduğunu deyə bilərik.

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi üzrə növbəti ustad dərsləri aprelin 14-dən 18-dək Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) təşkil edilib. Ustad dərslərini  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev keçib.

Hər iki tərəfi – dərs verən ilə dərs alanları məmnun edən beş günün təəssüratını ilk olaraq  Pərviz Məmmədrzayevdən öyrəndik.

Xalq artisti kollektivlə ünsiyyətdən razılıqla söz açdı: “Bura gəldiyimə, sənətə sevgi dolu insanları tanıdığıma görə çox məmnunam.  Aktyorların böyük həvəslə işə girişdiklərini gördüm. Təəssüflər olsun ki, bəzi başqa yerlərdə “Mən artıq hər şeyi bilirəm”  deyənlər çoxdur və belə təəssüfləndirici halların bu kollektivdən uzaq olması məni xeyli xoşhal etdi. Təlimlərimiz çox məhsuldar və maraqlı oldu. Daha çox aktyorun tərəf-müqabili ilə improvizasiyasının ön planda olduğu dərslərdə hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması, bədənin ifadə vasitələrinin inkişafı, hərəkət və sözlə bağlı improvizasiya kimi məqamlara diqqət ayırdıq. Ümumilikdə aktyorun improvizasiya imkanlarının artırılması, onun səhnədə özünü, tamaşaçını, məkanı hiss etməsi barədə müxtəlif çalışmalar etdik. Aktyorun oynayacağı obraz barədə gərginlik keçirmədən real şəkildə hər şeyi qiymətləndirmək, tərəf-müqabilini görüb dərk etmək, interaktiv olmaqla bağlı öyrənib bildirkilərimi tətbiq etməyə çalışdım...”.

Aktyorun texnikası haqqında ilkin və ən vacib metodların öyrədildiyi dərslər öyrənən qismi də qane edib.

Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru Nicat Mirzəzadə belə layihələrin qısa zamanda yaxşı nəticə verəcəyini düşünür: “Mədəniyyət Nazirliyi çox əhəmiyyətli bir layihəyə start verib. Fikrimcə, “Öyrədərək öyrənirəm” layihəsinin əsas özəlliyi bölgələrdə yerləşən teatrları da əhatə etməsidir. Bölgə teatrlarında peşəkar aktyor və rejissorların ustad dərsləri çox vacibdir. Xalq artisti Pərviz Məmmədrzayevin bir dərs günü aktyorlarımız üçün teatr hadisəsi idi. Böyük həvəslə öyrənir və icra edirdilər. Mədəniyyət Nazirliyinə, Pərviz müəllimə, bu layihə ilə bağlı əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Orxan Təvəkküllü (aktyor): “Belə dərsləri çoxdan arzulayırdıq. Ümumiyyətlə, son zamanlar teatrlara göstərilən diqqət təqdirəlayiqdir. Bu canlanma bölgədə yerləşən teatrlara da təsirsiz ötüşmür. Şəxsən mən bu ustad dərslərini çox dəyərli və faydalı hesab edirəm. Dərslər zamanı özümü aktyor kimi daha çox kəşf etdim...”.

Xurşud Babayeva (aktrisa): “Gənc aktrisa olaraq bu ustad dərslərindən gələcək səhnə fəaliyyətim üçün faydalandım. Bu kimi layihələr bölgə teatrları, eləcə də gənc sənətçilər üçün zəruridir. Aktyor sənətinin ən spesifik cəhətlərindən ən xırda detallarına qədər öyrənirik. Davamlı olmasını, başqa istiqamətlər üzrə də təşkilini istəyirik...”.

Həmidə/medeniyyet.az