Füzuli Dövlət Dram Teatrında 27 Sentyabr – Anım Günü ilə əlaqədar Qafar Cəfərlinin “Şəhid bayrağı” tamaşası nümayiş olunub.
Tədbirdə şəhid ailələri, qazilər, Sərhəd Qoşunlarının əsgər və zabitləri, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, teatrın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşadan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Füzuli Dövlət Dram Teatrının direktor səlahiyyətlərini müvəqqəti icra edən Azər Abbasov çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi və müqəddəs yer tutduğunu bildirib. O qeyd edib ki, Vətən uğrunda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsini daim yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Azər Abbasov çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edildiyini, xalqımızın bu gün müstəqil, azad və bütöv Vətəndə yaşadığını vurğulayıb.
Daha sonra Qafar Cəfərlinin “Şəhid bayrağı” tamaşası nümayiş olunub. Vətən sevgisi, şəhidlik zirvəsi, qəhrəmanlıq və xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.
Səhnə əsərində əsas rolları Vüqar Babayev, Sehran Xanlarov, İntizar Quliyeva, Gülgəz Soltanova, Qorxmaz Qarayev, Elçin Məmmədov, Sevinc Məmmədova, Əli Hüseynov və İlham Soltanov ifa ediblər.
“Şəhid bayrağı” tamaşası şəhidlərimizin əziz xatirəsinə ehtiramın, Vətən sevgisinin və qəhrəmanlıq ruhunun teatr səhnəsində ifadəsi baxımından xüsusi əhəmiyyət daşıyıb.