Füzuli Dövlət Dram Teatrının əməkdaşları Mədəniyət TV -də yayımlanan "Səhərçağı" verilişinin qonağı olub.
Veriliş zamanı teatrın yaradıcılıq fəaliyyəti və gələcək planları geniş şəkildə müzakirə olunub.
Verilişdə Füzuli Dövlət Dram Teatrının yaradıcı şöbəsinin müdiri, quruluşçu rejissor Nicat Mirzəzadə, aktrisa İntizar Quliyeva, aktyorlar Sehran Xanlarov, Əli Hüseynov və Qaçaq Qarayev iştirak ediblər.
Söhbət zamanı qonaqlar teatrın hazırkı yaradıcılıq fəaliyyəti, son dövrlərdə həyata keçirilən layihələr və tamaşaçı marağı doğuran səhnə əsərləri barədə ətraflı məlumat veriblər. Xüsusilə, Nicat Mirzəzadənin quruluşunda Kamal Abdullanın “Ruh” əsəri, həmçinin Əli Hüseynovun quruluşunda Əhməd Orucoğlunun “Nənənin kələyi” tamaşası haqqında geniş fikir mübadiləsi aparılıb. Tamaşaların ideya məzmunu, səhnə həlli və tamaşaçı rəyləri diqqətə çatdırılıb.
Bununla yanaşı, proqramda teatrın 2026-cı il üçün nəzərdə tutulan repertuar planları da açıqlanıb. Bildirilib ki, yeni mövsümdə bir-birindən maraqlı səhnə əsərlərinin hazırlanması, klassik və müasir dramaturgiyanın uğurlu nümunələrinin tamaşaçılara təqdim olunması nəzərdə tutulur. Eyni zamanda, teatr kollektivinin müxtəlif bölgələrə qastrol səfərləri planlaşdırdığı və bu səfərlərin regionlarda teatr sənətinə marağın artırılmasına xidmət etdiyi vurğulanıb.
Veriliş səmimi müzakirələr və maraqlı fikirlərlə yadda qalıb, tamaşaçılara teatrın fəaliyyəti və gələcək layihələri barədə dolğun təsəvvür yaradıb.