Bağla

Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişib

27-04-2021, 16:04

Tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib.

Baloğlan Xanoğlan oğlu Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Kənd məktəbində orta təhsil almaqla yanaşı, rayon musiqi məktəbində 5 illik tar kursunu bitirib. BDU-nun Filologiya fakültəsində ali təhsil alıb (1978), beş il kənddə müəllim işləyib.

Əmək fəaliyyətinə 1971-ci ildə başlayan Baloğlan Əşrəfov el şənliklərində, televiziya proqramlarında çıxışları, özünəməxsus ifa tərzi, həzin səsi ilə tamaşaçı və dinləyici rəğbəti qazanıb.

Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2007-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında dəfn edilib.

Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.