Bu gün Füzuli Dövlət Dram Teatrında teatrın uzun illər direktoru olmuş, Əməkdar mədəniyyət işçisi Vaqif əliyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə teatr kollektivi Vaqif Vəliyevin əziz xatirəsini ehtiramla yad edib, onunla bağlı xoş xatirələrini bölüşüb, birlikdə çalışdıqları illərə, teatrın həyatında baş verən əlamətdar hadisələrə nəzər salıblar.
Vaqif Vəliyev ömrünün böyük bir hissəsini Azərbaycan teatr sənətinə, xüsusilə də Füzuli Dövlət Dram Teatrının inkişafına və yaşadılmasına həsr etmiş şəxsiyyətlərdən biri olub. O, həyatının və fəaliyyətinin müxtəlif dövrlərində qarşılaşdığı çətinliklərə baxmayaraq, teatrın fəaliyyətini davam etdirməsi, kollektivin birliyinin qorunması və səhnə sənətinin yaşadılması üçün böyük əzmkarlıq göstərib.
Xüsusilə çətin və mürəkkəb dövrlərdə teatrın ayaqda qalması, yaradıcılıq ənənələrinin qorunub saxlanılması və tamaşaçıların sənətə olan marağının yaşadılması naminə Vaqif müəllimin göstərdiyi xidmətlər əvəzsizdir. O, rəhbər kimi məsuliyyəti, prinsipiallığı, işinə sədaqəti və teatra bağlılığı ilə hər zaman seçilib. Onun üçün teatr sadəcə bir iş yeri deyil, həyatının mənası, ömrünü həsr etdiyi müqəddəs sənət ocağı olub.
Vaqif Vəliyevin Füzuli Dövlət Dram Teatrının tarixində, kollektivin yaddaşında və Azərbaycan teatr mədəniyyətində özünəməxsus yeri var. Onun gördüyü işlər, çəkdiyi zəhmət və sənətə olan sevgisi gələcək nəsillər üçün də örnək olaraq qalacaq.
Bu gün onun yoxluğu teatr kollektivi üçün böyük itkidir. Lakin Vaqif müəllimin zəngin xatirəsi, sənətə verdiyi töhfələr və Füzuli teatrının yaşaması naminə göstərdiyi fədakarlıq daim ehtiramla anılacaq.
Allah Vaqif müəllimə rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun. O, hər zaman Füzuli Dövlət Dram Teatrının tarixində və kollektivinin qəlbində yaşayacaq.