8 Noyabr – Zəfər Günü münasibətilə Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Səbuhi Əhmədovun müəllifi olduğu “Zəfərin imzası” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, Azərbaycan Ordusunun əsgər və zabit heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kompozisiya Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, xalqımızın milli birliyinə, qəhrəmanlıq və vətənpərvərlik ruhuna həsr olunub.
Ədəbi-bədii kompozisiyada Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz iradəsi bədii ifadəsini tapıb.
Səhnə əsərində Vətən sevgisi, torpaq uğrunda mübarizə, milli həmrəylik və Zəfərə aparan şərəfli yol təsirli səhnə kompozisiyaları, bədii söz və musiqi vasitəsilə tamaşaçılara çatdırılıb. Hər bir səhnə xalqımızın azadlıq və qələbə əzmini, şəhidlərimizin əziz xatirəsinə ehtiramı və qazilərimizin fədakarlığını əks etdirib.
“Zəfərin imzası” yalnız tarixi Qələbəmizin səhnə təcəssümü deyil, həm də bu Zəfərin hansı böyük iradə, birlik, qəhrəmanlıq və fədakarlıq hesabına qazanıldığını gələcək nəsillərə çatdıran mənəvi yaddaş nümunəsidir.
Kompozisiyanın nümayişindən sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində tarixi Qələbə əldə olunub. Bu Zəfərin şəhidlərimizin canı və qanı bahasına qazanıldığını vurğulayan rayon rəhbəri onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin hər birimizin mənəvi borcu olduğunu qeyd edib.
Alı Alıyev, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda bu gün genişmiqyaslı quruculuq və abadlıq işlərinin həyata keçirildiyini, həmin ərazilərin gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. Dövlətimizin şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Tədbirin sonunda vurğulanıb ki, 8 Noyabr Azərbaycan xalqının qürur, milli birlik və yenilməzlik günüdür. Bu möhtəşəm Zəfər xalqımızın yaddaşında daim yaşayacaq, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi hər zaman ehtiramla anılacaqdır.
Zəfərimizin imzası qəhrəmanlarımızın qanı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə yazılıb!
#Azərbaycan #8Noyabr #ZəfərGünü