Bağla

Füzuli teatrı Sərhəd Qoşunlarının hərbi qulluqçuları qarşısında bayram proqramı ilə çıxış edib

07-11-2026, 17:24

8 Noyabr – Zəfər Günü münasibətilə Füzuli Dövlət Dram Teatrının kollektivi Sərhəd Qoşunlarının hərbi qulluqçuları qarşısında bayram proqramı ilə çıxış edib.

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış tarixi Zəfərin altıncı ildönümünə həsr olunan proqramda teatrın yaradıcı heyəti tərəfindən müxtəlif tamaşalardan maraqlı səhnəciklər nümayiş etdirilib, Vətənə, torpağa, milli birliyə və qəhrəmanlığa həsr olunmuş vətənpərvər mahnılar ifa edilib.

Bədii proqram iştirakçılara Zəfər tariximizin qürurverici anlarını bir daha yaşadıb, milli ruhumuzu, Vətən sevgisini və qəhrəmanlıq ənənələrimizi tərənnüm edib.

Teatr kollektivinin rəngarəng və maraqlı çıxışı hərbi qulluqçular tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Təqdim olunan bayram proqramı əsgərlərimizə xoş ovqat bəxş edib, onların asudə vaxtlarının mənalı və yaddaqalan keçməsinə səbəb olub. 

Füzuli Dövlət Dram Teatrının kollektivi ölkəmizin müdafiəsində ayıq-sayıq dayanan, dövlət sərhədlərimizin keşiyində duran hərbi qulluqçularımızı Zəfər Günü münasibətilə təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.