Bağla

“Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirildi

11-07-2016, 15:56

İyulun 11-də "Holiday İnn” hotelində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirildi.

Tədbirdə həmçinin "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri mükafatlandırıldı.

Konfransda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərəçarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə olundu.

Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, mayın 20-dən iyunun 20-dək keçirilən müsabiqəyə 28 kütləvi informasiya vasitəsi təmsilçilərindən 56 yazı daxil olub. Yazılar Azərbaycan Mətbuat Şurasının müəyyən etdiyi qaydalarla ekspertlər tərəfindən qiymətləndirilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzunun aktuallığına diqqət çəkərək medianın bu sahədə rolunun böyük olduğunu vurğuladı. Məhz KİV vasitəsilə turizm sahəsində mövcud olan qanun aktları, ölkədə və dünyadakı vəziyyət barədə informasiyalar ölkə ictimaiyyətinə çatdırılır. Əflatun Amaşov Azərbaycanın turizm potensialı və ölkəyə turist axınının gücləndirilməsində medianının rolun qeyd etdi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Mətbuat Günü ərəfəsində jurnalistləri təbrik edərək mədəniyyət və turizm sahəsini daim diqqət mərkəzində saxladıqları üçün onlara öz təşəkkürün bildirdi. Nazir son illərdə mədəniyyət və turizm sahəsinin ölkə mediasının əsas mövzulardan biri olduğunu vurğuladı, KİV arasında aparılan monitorinqlərin nəticələrini diqqətə çatdırdı.

Bildirdi ki, nazirliyin rəsmi internet saytında 2015-ci ildə 802 informasiya yerləşdirilmişdisə, bu rəqəm 2016-cı ilin birinci yarısında 1642 olub. Həmçinin informasiya agentlikləri və saytlarda mədəniyyətlə bağlı 2015-ci ildə 76 min, 2016-cı ilin ilk altı ayında 99 min, turizmlə bağlı ötən il 34 min 700, bu il isə 56 min 280 informasiya verilib. Televiziya kanallarında mədəniyyət sahəsini əhatə edən verilişlərlə müqayisədə turizmə həsr olunmuş veriliş və süjetlərin sayında artım müşahidə olunub. Qəzetlərdə isə mədəniyyət və turizmlə bağlı xəbərlərdə azalma özünü göstərir. Bu da xəbərlərin operativ çatdırılması ilə əlaqədardır ki, həmin qəzetlərin saytlarında yerləşdirilmiş xəbərlərin çap versiyasında yenidən verilməsinə ehtiyac duyulmamağından irəli gəlib.

Əbülfəs Qarayev ölkə turizminin bugünkü inkişaf səviyyəsindən danışaraq bildirdi ki, bu sahə Prezident İlham Əliyevin xüsusi ilə diqqət mərkəzindədir. Turizmin ölkə iqtisadiyyatının pioritet istiqamətlərindən biri olduğunu qeyd edən nazir diqqətə çatdırdı ki, son illər bu sahəsinin inkişafı istiqamətində həyata keçirilən işlər bu il də davam etdirilir.

Nazir ölkəmizdə fəaliyyət göstərən turizm müəssisələrində qiymət siyasətinə də toxundu. Bildirdi ki, dövlət hotellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur: "Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik. Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”.

Qeyd olundu ki, hazırda Azərbaycanda 535 mehmanxana var, 30-dan artıq turizm müəssisəsinin isə tikintisi davam etdirilir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına öz müsbət təsirini göstərir.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu il artıq ikinci dəfədir Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yazı müsabiqəsi keçirdikləri bildirdi. Son illər ölkəmizdə turizm sahənin inkişaf etdiyini, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edərək, medianın bu sahəni daim diqqətdə saxlamalı və işıqlandırmalı olduğunu vurğuladı.

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ölkəmizdə turizm sahəsində görülən işləri yüksək qiymətləndirərək bu sahənin təbliğində medianın böyük rolu olduğunu diqqətə çatdırdı. Ölkədə mövcud olan turizm məkanlarına media nümayəndələrinin səfərlərinin təşkil olunmasını gözəl ənənə kimi dəyərləndirdi.

Çıxışlardan sonra "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Nəticələrə əsasən bir nəfər 1-ci yerə, iki nəfər 2-ci yerə və üç nəfər isə 3-cü yerə layiq görüldü. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə müvafiq olaraq 1000, 800 və 600 manat pul mükafatı və diplom təqdim edildi. Daha 5 nəfər isə həvəsləndirici mükafata (300 manat) layiq görüldü.